“Putin özü kimdir, qurd Akela, ya ayı Balu?!”-
Şevçenkodan sərt bənzətmə
“Tutaq ki, çexlər, yaxud ukraynalılar çaqqal Tabakidir, bəs Putinin özü kimdir, ayı Balu?”
“Exo Moskvı” xəbər verir ki, bunu sözügedən radiostansiyaya müsahibəsində siyasi ekspert Maksim Şevçenko bildirib.
Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində bir çox məqamları tənqid edən analitik deyib: “Bu müraciətdən o da aydın oldu ki, prezident Kiplinqin əsərlərini bəyənir. Həm də birini daha çox – “Cəngəllik kitabı”nı. Əsas məsələ budur ki, pələng Şirxan və çaqqal Tabaki dedikdə, o kimləri nəzərdə tutub? Tutaq ki, Şirxan Amerika imperializmidir, Tabaki də, tutalım, ya çexlər, ya da ukraynalılar. Bəs özü kimdir, Mauqli? İtkin qurbağa balası, yaxud qurd Akela? Akela ovdan əliboş dönür. Bəlkə bəbir Bagira? Yaxud ayı Balu?”
Maksim Şevçenkonun sözlərinə görə, Putinin müraciəti rus xalqı üçün təhqiramiz idi. “Bu, bir daha göstərdi ki, hakimiyyətin daxili siyasətə dair heç bir strategiyası yoxdur”.
Xatırladaq ki, Vladimir Putin aprelin 21-də Federal Məclisə müraciətində Rusiyanın düşmənlərini Kiplinqin “Cəngəllik kitabı” (“Mauqli”) qəhrəmanları ilə müqayisə edərək, bəzilərinin səbəbsiz olaraq Rusiya Federasiyasını şərlədiyini və ağalarına xoş gəlmək üçün çaqqal Tabaki kimi hay-həşir qopardığını qeyd edib.
ABŞ administrasiyası da Rusiya liderinin açıqlamasını münasibətini bildirib. Ağ Evin sözçüsü Cen Psaki “Twitter” hesabında yazıb: “Prezident Putinin dediyi hər sözün bizə şamil olunduğunu düşünmürəm. Gönümüz qalındır”./yenisabah