Xarici ölkələrdə təhsil alan daha 64 nəfərin diplomu tanınmayıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iyun ayı üzrə xarici diplomların tanınması üzrə statistikası açıqlanıb. Agentlik xəbər verir ki, icrası 16 gün ərzində tamamlanan 208 müraciətçinin 144-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 64 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 33, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 77, Ukraynadan 62, Türkiyə Respublikasından 37, Gürcüstandan 8, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, digər ölkələrdən isə 19 müraciət olub. Ən çox müraciət olunan ixtisaslar arasında hüquqşünaslıq (34), iqtisadiyyat (17), menecment (15), tibb (13), maliyyə və kredit (8) qeydə alınıb.