“Taliban”ı darmadağın etmək üçün üç istiqamətdə işləyirik - Əfqanıstan DİN başçısı
Əfqanıstan hökuməti ölkədə taliblərin darmadağın edilməsi üzrə üç mərhələdə plan həyata keçirir. Buna səbəb son günlər hərbi əməliyyatların güclənməsi və terrorçu qruplaşmanın Əfqanıstanın doqquz əyalətinin paytaxtını ələ keçirməsidir.
"Əl-Cəzirə" telekanalı xəbər veirir ki, bu barədə danışan Əfqanıstanın daxili işlər naziri general Abdul Səttar Mirzakval hökumətin üç mərhələdə işlədiyini açıqlayıb: “Birincisi, məğlubiyyətləri (hökumət qüvvələri) dayandırmaq, ikincisi, şəhərlər ətrafında təhlükəsizlik halqalarını yaratmaq üçün gücümüzü yenidən toplamaq, üçüncüsü, hücum əməliyyatlarına başlamaqdır. Hazırda biz ikinci mərhələyə keçirik”.
Nazir həmçinin bildirib ki, hökumət üsyançı hərəkat kimi tanınan yerli könüllü qiyamçılara bir çox regionlarda taliblərin hücumuna qarşı mübarizə üçün dəstək verir.
Son günlər terrorçu qruplaşma ölkənin doqquz əyalət paytaxtını ələ keçirdiyindən, Əfqanıstan hökuməti hazırda əsas avtomagistrallar, iri şəhərlər və sərhəd keçidləri kimi əsas infrastrukturların təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Beş həftə əvvəl ölkənin 130 000 polis qüvvəsinə başçılıq edən Abdul Səttar Mirzakval bəyan edib ki, taliblərə qarşı çıxan üsyançı qüvvələr Prezident və hökumət tərəfindən tam dəstəklənir, onlar taliblərə qarşı hökumət qoşunları ilə birlikdə mübarizə aparacaqlar: “Hazırda beynəlxalq ictimaiyyət bu üsyançı qüvvələrdən narahatdır, lakin onların bütün üzvləri son nəticədə Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin bir hissəsi olacaq”.
Bu arada Prezident Əşrəf Qani, terror qruplaşmasına yerində cavab vermək üçün çərşənbə günü orduya yeni qərargah rəisi təyin edib. Haybatullah Əlizai ordunun yeni qərargah rəisi olaraq Vəli Məhəmməd Əhmədzayı əvəz edib. Əlizai bundan əvvəl Əfqanıstan Milli Ordusunun xüsusi təyinatlılarının komandanı vəzifəsində çalışıb.
L.SƏMLA
Oxunub: 260
Xəbəri paylaş
Paylaş:






















