Tacikistan KTM təlimlərinə qatılmaqdan imtina etdi -
Rusiya Qırğızıstana 120 hərbi texnika göndərib
Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qırğızıstanda üçgünlük hərbi təlimlərə başlayıb. Qurum təlimlərin Əfqanıstandakı vəziyyətə görə gərəkdiyini bildirir.
Təlimlərə Rusiya, Qazaxıstan və Qırğızıstandan hərbi bölmələr, eləcə də KTMT-nin Vahid Qərargah və Katibliyinin operativ qrupları qatılıb. “Rubej 2021” manevrləri Edelveis təlim sahəsində keçirilir. Tacikistan hərbçiləri son anda naməlum səbəblərdən təlimə getməyib.
Təlimlərdə KTMT üzvü ərazisinə qanunsuz daxil olan silahlı qrupların qarşısının alınması və neytrallaşdırılmasına diqqət ayrılacaq. Orta Asiyanın Əfqanıstanla həmsərhəd qonşuları bu ölkədən qaynaqlanan təhlükəsizlik hədələrindən, onminlərlə qaçqın axınından narahatdırlar.
Ötən ay hakimiyyətə gəlmiş "Taliban" qonşu ölkələri və Rusiyanı onlara təhdid yaratmayacağına inandırmağa çalışıb. Təlimlərə Rusiyadan 500 hərbçi və təyyarələr daxil olmaqla 120 hərbi texnika qatılıb.
KTMT-nin sözçüsü Vladimir Zaynetdinov avqustun sonunda demişdi ki, oktyabrda Tacikistan-Əfqanıstan sərhədində daha üç hərbi manevr keçiriləcək. Dördüncü isə noyabra planlaşdırılır.
Rusiya ötən ay Tacikistan və Özbəkistanın Əfqanıstanla sərhədində iki ayrı-ayrı birgə hərbi təlim keçirib. Tacikistan və Qırğızıstanda hərbi bazaları olan Rusiya müttəfiqlərini Əfqanıstandan gələn hər hansı təhlükəsizlik təhdidinə qarşı qorumağı vəd edib./azadliq.org