ABŞ Pakistanla razılaşmaq niyyətindədir:
Əfqanıstanda hərbi əməliyyatlar aparmaq üçün...
ABŞ Prezidenti Co Baydenin administrasiyası tezliklə Pakistanın hava məkanından Əfqanıstanda kəşfiyyat və hərbi əməliyyatlar aparmaq üçün sazişə nail olmağa ümid edir.
Bu barədə CNN teleşirkəti öz mənbələrinə istinadla xəbər verib.
Şirkətin məlumatına görə, uyğun planı administrasiya nümayəndələri cümə günü qapalı iclasda Amerika qanunvericiləri ilə bölüşüblər.
CNN-in mənbələri qeyd edirlər ki, Pakistan hakimiyyəti ABŞ-la qarşılıqlı anlaşma memorandumu imzalanmasını təkid edir. Onun əsasında Vaşinqton hava məkanına girişin əvəzində Pakistan üçün terrorla mübarizədə dəstək verməli və Hindistanla münasibət qurmaqda ona kömək etməlidir.
Teleşirkət qeyd edir ki, danışıqlar davam edir və sazişin şərtləri dəyişə bilər.
CNN qeyd edir ki, hazırda Amerika SQ Pakistanın hava məkanından qonşu Əfqanıstanda kəşfiyyat aparmaq üçün istifadə edir. Ancaq rəsmi sazişin olmaması ona gətirib çıxara bilər ki, Pakistan hakimiyyəti bu təcrübəyə son qoya bilər.
Bundan əvvəl teleşirkət xəbər vermişdi ki, Əfqanıstan ərazisində daha 363 ABŞ vətəndaşı qalır, onların 176-sı evakuasiyaya ümid edir. Bu baxımdan Pakistanla danışıqlar əhəmiyyət kəsb edir.