Rusiya Xocalıda 10 məşhuruna abidə və... kilsə tikdi -
Sülhməramlılar rusməramlı olduqlarını nümayiş etdirirlər - FOTO
"Bu gün Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb”.
Globall.az xəbər verir ki, bu, “Azadlıq” radiosunun erməni redaksiyasının “TASS”a istinadla yaydığı məlumatdandır.
“Xiyabanın açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak edib”- xəbərdə belə deyilir.
Qeyd edək ki, Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsi əslində Xocalı rayonuna aid olan aeroportun yaxınlığındadır...
Açılış mərasimində Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Gennadi Anaşkin iştirak ediblər.
“Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet hakimiyyəti illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və buna görə də İsanın mövludu şərəfinə ucaldılan Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət kəsb edir", - “Xankəndi rus icmasının sədri” Aleksandr Bodrov deyib.
Maraqlıdır ki, Xankəndidə rus icmasının olması olduqca qəribə məlumatdır. Eyni zamanda, bu kilsənin kimin tabeliyində olacağı və rəsmi Bakının tikinti ilə bağlı icazəsinin olub-olmadığı barədə məlumat yoxdur.
P.S. Bakının hər hansı bir qarış yerində bir koma qaraltmaq üçün müvafiq qurumlar yüz sənəd istəyir, yeri gələndə rüşvət də tələb edirlər... Bəzən bir şəhidə abidə qoyulması məsələsi yüz problemlə üzləşdirilir.
Bəs Azərbaycan torpağında Azərbaycana dəxli olmayan 10 rus məşhuruna abidə qoyan Rusiya kimdən icazə alıb?
Nazirlər Kabinetindən, Əmlak Məsələləri Dövlət Komitəsindən, Mədəniyyət Nazirliyindən, yoxsa Xocalı Rayon İcra Hakimiyyətindən?..
Ümumiyyətlə, rusların bu addımını necə izah etmək olar?
Deyəsən axı bunlar bizə rusməramlı olduqlarını nümayiş etdirirlər...
Globall.az