Azərbaycan terrorçuluqla necə mübarizə aparır? -
ABŞ Dövlət Departamenti hesabat yaydı
“Azərbaycan hökuməti 2020-ci ildə öz quru və dəniz sərhədləri daxilində, eləcə də Cənubi Qafqazdan insan, pul və material keçirməsinə yönəlik terror cəhdlərini aşkarlayaraq aradan qaldırılması yönündə fəal işləyib. Azərbaycanın hüquq mühafizə və təhlükəsizlik xidmətləri terror hücumlarının pozulması və önlənməsi üçün əməliyyatlar aparıb, şübhəli terrorçuları həbs və mühakimə edib, ölkədə kənarda terrorçu qruplara qoşulmaqda və onları maliyyələşdirməkdə şübhəli bilinən azərbaycanlıları mühakimə edib”.
ABŞ Dövlət Departamenti dekabrın 17-də “2020-ci il Ölkələr üzrə Terrorçuluq” hesabatını yayıb. Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, hüquq mühafizə və təhlükəsizlik xidmətləri ölkə ərazisində terrorçuluğun aşkarlanması və önlənməsində adekvat qabiliyyət sərgiləyiblər.
Hesabatda Prezident İlham Əliyevin ötən ilin martında Xüsusi Dövlət Mühafizə Xidmətini ləğv edərək yerində üç qurum yaratmasından, bu qurumlar arasında iş bölgüsündən söz açılır.
“Azərbaycan ölkəyə giriş məntəqələrində terrorçu və cinayətkarların axtarış siyahılarından və bioqrafik/biometrik yoxlamadan istifadə edir. Azərbaycanın hüquq mühafizə və təhlükəsizlik xidmətləri terrorçuluq məsələlərinə dair informasiyanı öz aralarında, eləcə də regional və beynəlxalq tərəfdaşlarla paylaşır”, – hesabatda vurğulanır.