Ermənistandan Türkiyə ilə bağlı 2 önəmli QƏRAR
Ermənistan hökumətinin 2021-ci ildəki sonuncu iclasının gündəliyinə Türkiyə istehsalı olan mallara embarqonun uzadılması məsələsi salınmayıb.
Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin “Facebook” səhifəsində bildirilib.
Bununla da 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qarşı məhdudiyyətlər aradan qaldırılacaq.
Qeyd edək ki, Ermənistan hökuməti Türkiyə istehsalı olan malların ölkəyə buraxılmaması barədə qərarı 2020-ci il oktyabrın 20-də verib. Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minib, daha sonra yayda qərar dekabrın 31-nə qədər uzadılıb. Qərarın verilməsinə səbəb kimi Türkiyənin 44 günlük savaşda Azərbaycanın yanında yer alması göstərilirdi.
Həmçinin Ermənistanın Mülki Aviasiya Komitəsi “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reysləri yerinə yetirməyə icazə verib.
Uçuşlar yanvar ayından başlayacaq.
Şirkət hələ dekabrın 23-də Ermənistanın Ərazi İdarəçiliyi və İnfrastruktur Nazirliyinə uçuşlarla bağlı müraciət etmişdi. Ölkələr arasında diplomatik münasibətlərin olmaması səbəbi ilə çarter uçuşları qeyri-müntəzəm olacaq.