Nazarbayevin videomüraciəti Tokayevlə razılaşdırılmışdı
Beynəlxalq aləm və ətraf ölkələr Qazaxıstanın keçmiş prezidenti, Elbaşı Nursultan Nazarbayev haqqında günlərdir məlumat əldə etməyə çalışırdı. Müxtəlif versiyalar səslənirdi, xaricə qaçıb, evindədir, xəstədir, ev həbsindədir və s. Rusiya Liberal Demokrat Partiyasının Kremlə bağlı lideri Vladimir Jirinovski isə “Nazarbayev ölüb və onu torpağa tapşırıblar” sərsəmləməsindən sonra Qazaxıstanın hazırki prezidenti Tokayev xələfini dünən gün üzünə çıxarmağa qərar verdi.
“Nursultan Nazarbayevin internetdə yayımlanan nitqi böyük ehtimalla Tokayevlə razılaşdırılmışdı”.
Globall.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu Qazaxıstanın eks-prezidentinin dünənki videomüraciətinə münasibət bildirərkən deyib.
“Çünki Tokayev son günlər Nazarbayev irsini yox etməyə çalışsa da, Elbaşı hazırki prezidentin siyasətini dəstəklədiyini ifadə etdi. Yaşlı və gücsüz Nazarbayevin başqa alternativi var idimi? Ancaq daim rus dilində danışan Tokayevin qarşılığında Nazarbayevin ana dilində xalqına müraciət etməsi fikir ayrılığının varlığını ortaya qoydu”, - deyə E.Şahinoğlu bildirib.
“Beləliklə, Nazarbayevin sağ olduğu təsdiqləndi. Tokayev Nazarbayev klanını zəiflətməkdə davam edəcək. Tokayevlə Nazarbayev arasında razılaşma yalnız ikincinin videformatda xalqa müraciətində hakimiyyəti dəstəkləməsiylə bağlı olub. Başqa razılaşmanın varlığı ehtimalı azdır. Tokayev özünü qorumalı və hakimiyyətini gücləndirməlidir, bunun yolu isə baş verənlərə görə məsuliyyəti Nazarbayev və onun yaxınlarının üzərinə yönəltməkdir”.