Türkiyəli general Moskva bəyannaməsini DƏSTƏKLƏDİ
Xəbər verildiyi kimi, ötən gün Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Müxtəlif sahələrdə müttəfiqlik əlaqələrini əhatə edən Moskva bəyannaməsi Azərbaycan və Rusiya tərəfindən tarixi hadisə kimi qiymətləndirir. Bildirilir ki, sözügedən sənəd iki qonşu ölkənin əlaqələrinin daha da möhlənməsinə öz töfhəsini verəcək.
Moskva bəyannaməsinə qardaş Türkiyədən də müsbət reaksiyalar gəlir.
Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş Modern.az saytına açıqlamasında Moskva bəyannaməsini normal qarşıladıqlarını, ölkələrin qərarına hörmətlə yanaşdıqlarını bildirib.
“Təbii ki, Azərbaycan və Rusiya arasında bağlanan müqavilə iki ölkə tərəfindən qəbul edilib. Biz bunu normal qarşılayırıq. Bu sənəd Türkiyə və Azərbaycan arasında bağlanan Şuşa Bəyannaməsinə təsir edə bilməz. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da bağlayan, strateji əlaqələrini gücləndirən qardaşlıq bəyannaməsidir. Əlbəttə, Şuşada imzalanan müqavilə ölkələrimizi daha çox maraqlandırır”, -deyən türkiyəli general qeyd edib ki, digər ölkələrlə bağlanan sazişlər Azərbaycan və Türkiyənin münasibətlərinə xələl gətirə bilməz.
General, həmçinin müttəfiqlik sənədinin Azərbaycan üçün faydalı olacağına inanımı ifadə edib. Azərbaycanın müstəqil dövlət olduğunu söyləyən Ərdoğan Karakuş Türkiyənin qardaş ölkə olaraq, rəsmi Bakının qərarlarına hörmətlə yanaşdığını, bundan sonra da xalq və dövlət olaraq Azərbaycanın yanında olacaqlarını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan və Rusiya arasında imzalanan Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək, münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəliklərdən ibarətdir.