Sabah Ermənistanda prezident seçkiləridir -
Bir namizəd var
Sabah Eremənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Globall.az xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” Partiyasının nümayəndəsi, yüksək tüxnologiyalar sənayesi naziri Vahan Xaçatryan ölkə başçısı postuna yeganə namizəddir.
Dünən - martın 1-də ölkənin qanunverici orqanı olan Milli Assambleyanın sessiyası başlayıb. Sessiya bu gün də davam edəcək. Martın 3-də isə parlamentdə yeni prezidentin seçilməsi üçün səsvermə keçiriləcək.
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Müxalifət prezidentliyə namizəd irəli sürməyib.
Ermənistan prezidenti parlamentdə seçilir.
Hazırda müvəqqəti olaraq prezident səlahiyyətlərini parlamentin spikeri Alen Simonyan icra edir.
Siyasi ekspertlər V.Xaçatryanın səsvermənin birinci turda seçilməyəcəyini, lakin ikinci turda seçiləcəyini proqnozlaşdırıblar.
V.Xaçatryan 22 aprel 1959-cu ildə Sisiyan şəhərində anadan olub.
1980-ci ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.
1982-1989-cu illərdə "Razdanmaş" İstehsalat Birliyində işləyib, 1989-1992 –ci illərdə "Mars" dövlət müəssisəsinin baş direktorunun müavini postunda çalışıb.
1990-1996 –cı illərdə İrəvan Şəhər Şurasının üzvü olub.
1995-1999 –cu illərdə Ermənistan parlamentinin deputatı olub.
1996-1998 –ci illərdə Ermənistan prezidentinin müşaviri postunu tutub.
2000-ci ildə “Armat” Demokratiyanın və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin təsisçi üzvü, 2002-ci ildə Siyasi Elmlər, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti olub.
2019-2021 –də “Armeconombank” ASC-nin İdarə Heyətinin üzvü olub.
2021-ci il avqustun 4-də Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri təyin edilib.
Ailəlidir, iki övladı var.