Rusiya XİN Qarabağ ətrafındakı ərazilərin azad edilməsi və yekun status haqda -
Mnatsakanyanın dediklərinə cavab...
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini mövcud format çərçivəsində nəzərdən keçirmək lazımdır.
Bu barədə Rusiya XİN-in Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın dedikləri ilə bağlı şərhində bildirilir. Mnatsakanyan demişdi ki, Ermənistan üçün Azərbaycana “ərazi güzəştlərini” nəzərdə tutan həll variantı qəbuledilməzdir.
“Bizim ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə kimi mövqeyimiz Rusiya, ABŞ və Fransa ali rəhbərliyinin birgə bəyanatlarında dəfələrlə səslənib. Həmin bəyanatların əsasında Helsinki Yekun Aktının əsas prinsipləri, o cümlədən güc tətbiq etməmə, əraz bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi dayanır. Bu bəyanatlarda əksini tapan nizamlama elementləri arasında Dağlıq Qarabağ ətrafında yerləşən ərazilərin qaytarılması, habelə Dağlıq Qarabağın yekun hüquqi statusunun referendum yoluyla müəyyən edilməsi yer alır. Əvvəllər baxılmış və indi baxılmaqda olan sənədlərə və təkliflərə gəldikdə isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov onları sadalayıb”,-Rusiya XİN bildirir.
Şərhdə o da bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu olduqca həssas, incə məsələdir.
“Onu publik debatlar sferasına keçirmək məhsuldar deyil. Biz bundan çıxış edirik ki, nizamlama məsələlərini mövcud format çərçivəsində aparılan danışıqların gedişində müzakirə etmək lazımdır. Bu mövzuda məsələhətləşmələr davam edir, aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin də iştirakı ilə baş tutan videokonfrans da buna dəlalət edir”,-açıqlamada deyilir.