MƏƏHLƏMİZİN... MÜDRİK MAMAROZASI
Elçin İlqaroglu
Məəhləmizdə bir dənə mamaroza var. Hamı onnan üyüdür, bir tək mən vecimə almıram. Əksinə, o mənnən üyüdür. Ona görə hər dəfə maqazinə girən kimi kreativ fikir atır ortaya.
Bu mamarozanın bir qəribə xasiyyəti də var: üç yaş böyükdü məndən, ancaq mənə dayı deyir. Xülasə, bu gün səhər tezdən, tula tayadan düşməmiş, elə yataq paltarındaca özünü soxdu maqazinə. Girən kimi də, "dayıı..." deyib bağırdı.
- Nə var ay qız, niyə anqırırsan? - hirslə soruşdum (öncəki gün "vıruçka"sını saymağıma mane olmuşdu, hirslənməyimin səbəbi buydu).
- Dayı, mən də namizədliyimi verəcəmee... veriimm?
Bəlkə də məni təəccübləndirmək istəyirdi, ancaq qətiyyən təəccüblənmədim. Ona görə sakit tərzdə dedim:
- Ver də, vermək sənin adətindi onsuz da.
Mamaşa siqaretini alıb çıxmaq istəyəndə bu dəfə mən ona sual etdim:
- Aəzz, bəs harda, daha doğrusu, hardan verəcəksən?
- Hələ bilmirəmee, dayı. Deyiblər ki, gözlə hələ, o oğraş (bir nəfər tanınmış müxalifətçinin adını çəkir - E.İ.) hardan versə, sən də ordan verərsən.
Həqiqətən indi təəccübləndim. Tez soruşdum:
- Niyə? Nə məqsədlə?
- Mənə dedilər ki, qoy o gədə utanıb yerə girsin, hamı desin ki, gör bunun alternativi kimiydi...
- Belə çıxır ki, YAP o dairədən namizəd irəli sürməyəcək?
- Sürəcək. Filankəs müəllim. Deputat da o olacaq, mənim də pulumu verəcəklər.
- Bəs, o filankəs müəllim utanıb yerə girməyəcək?
Mamaşa elə qəh-qəhə çəkib güldü ki, bu vaxt içəri girən biri olsaydı, haqqımızda ayrı şey düşünərdi. Sakitləşəndən sonra dedi:
- Ay dayı, sən də hərdən özünü çox avam aparırsan eyy. Həmin o filankəs müəllim guya məndən əxlaqlıdı ki, utansındaa...
Nolar mamaroza olanda, adam haqlıydı. Ona görə də heç nə demədim, sadəcə, başımın işarəsilə dediklərini təsdiqlədim.