Şagirdlərin elektron yerdəyişməsi bu tarixdə yekunlaşacaq
2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir. Bu barədə Globall.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses “sy.edu.az” elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək. Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər. Aşağıda adları qeyd edilmiş ümumtəhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək. İmtahanla yerdəyişmə aparılan ümumtəhsil müəssisələrinin siyahısı: 1. Heydər Əliyev adına lisey; 2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey; 3. 132-134 nömrəli Təhsil Kompleksi; 4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb; 5. İlyas Əfəndiyev adına Elitar gimnaziya; 6. İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi; 7. “Zəngi” liseyi; 8. Bakı Avropa Liseyi; 9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi; 10. Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası; 11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi. Qeyd edək ki, “sy.edu.az” elektron sistemi II-IX və XI siniflər üçün avqustun 4-dən aktivdir, X siniflər üçün isə avqustun 15-i saat 11:00-dan etibarən aktivləşdiriləcək.