Müharibə başlanandan ukraynalıların neçə faizi işsiz qalıb?
Rusiya bu ilin fevralında Ukraynada müharibə başlayandan bəri, yəni 7 aya yaxın müddət ərzində ukraynalıların 40 faizindən çoxu iş yerini itirib. Globall.az bildirir ki, ingilis dilində çıxan “Kyiv Post” qəzeti xəbər verir ki, bunu Ukraynada keçirilmiş sosioloji sorğu göstərib. Sorğu iştirakçılarının 19 faizi iş yeri bağlandığına, 10,9 faizi ixtisara düşdüyünə, 11,3 faizi başqa bölgəyə köçdüyünə görə işsiz qaldığını deyib. Aydın olub ki, hazırda ukraynalıların yalnız 22,7 faizi əvvəlki kimi tam iş rejimində çalışıb maaşını bütöv ala bilir. Ukraynalıların daha 22,5 faizi işləyir, amma onların maaşı azalıb. Ümumiyyətlə, işləyənlərin 52 faizi özünə yeni iş yeri axtardığını söyləyib. Bunun əsas səbəbləri sırasında maaş azlığı, müəssisənin stabil çalışmaması, iş şəraitinin qənaətbəxş olmaması göstərilib. Qeyd edək ki, 2014-cü ildə Ukraynanın Krım yarımadasını, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkədə total hərbi əməliyyatlar aparır, şərq və cənub bölgələrinin böyük bir hissəsini ələ keçirib.