Puqaçova İsrail vətəndaşlığı alıb?
Rusiyanın Xalq artisti Alla Puqaçovanın İsrail vətəndaşlığı aldığı iddia edilib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Belə ki, teleqraf.com Ukrayna nəşri ifaçının xarici pasportunun şəklini əldə edib. Fotoda Puqaçovanın bu ilin mayında İsrail vətəndaşlığını aldığı əks olunub. Bildirilib ki, İsrail sərhəd xidmətindəki mənbə jurnalistlərə sənədin həqiqiliyini təsdiqləyib. Eyni zamanda, İsrail qanunlarına görə, xarici pasport vətəndaşlıq aldıqdan yalnız üç ay sonra əldə edilə bilər. Sənəd bir il müddətində etibarlıdır. Əgər şəxs İsraildə yaşayırsa, növbəti pasport beş il müddətində etibarlı olacaq. Məsələ ilə bağlı Puqaçovanın mətbuat katibi Yelena Çuprakova "qazeta.ru"ya ifaçının İsrail pasportu alması ilə bağlı Ukrayna mətbuatında yayılan xəbərlərə münasibət bildirməyəcəyini bildirib. Bundan başqa, sənətçi də məsələ ilə bağlı hər hansı açıqlama yaymayıb. Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib. Bir neçə gün əvvəl isə onun yenidən Rusiyanı tərk edərək İsrailə getdiyi bildirilib. Bundan başqa, ifaçı sonuncu paylaşımında işlətdiyi "Onlar mülkədar idilər, qul oldular" ifadəsi müzakirələrə səbəb olub.