Ankarada keçirilən gizli görüşün məqsədi BƏLLİ OLDU

ABŞ-ın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Elizabet Rud Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru ilə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri arasında keçirilən görüşün təfərrüatlarını açıqlayıb.
Görüş noyabrın 14-də Ankarada baş tutub.
Elizabet Rud qeyd edib ki, Moskva və Vaşinqtonun riskləri, xüsusən də nüvə risklərini idarə etmək üçün kanalları var.
Diplomatın sözlərinə görə, Uilyam Börnsın Narışkinlə görüşünün məqsədi məhz bu məsələ olub.
“Börns heç bir danışıqlar aparmayıb və Ukraynadakı münaqişənin həllini müzakirə etməyib”, - deyə Rud vurğulayıb.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, MKİ və SVR rəhbərlərinin görüşü təhlükəsizlik məsələlərində ölkələr arasında əlaqəni saxlamaq məqsədilə keçirilib. Onun sözlərinə görə, 2 ölkənin nümayəndələri arasında təmaslar adi haldır.




















