Xuraman Şuşalı - “Abortun artmasına görə kişilər günahkardır”
Qadınlara qarşı zorakılıqla mübarizə aparan “Gender Hub” qeyri-hökumət təşkilatının təsisçisi Məryəm Məcidovanın sözlərinə görə, Azərbaycanda hər 116 oğlana 100 qız doğulur və selektiv abortların sayı artıb.
M.Məcidovanın fikrincə, belə davam edərsə, 2050-ci ildə hər 9 oğlana yalnız 1 qız düşəcək.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan 4 övlad anası, müğənni Xuraman Şuşalı bu vəziyyətin yaranmasına görə qarşı cinsin nümayəndələrini suçlayıb:
“Bu abortların, oğlan uşaqlarının daha çox doğulmasının birinci səbəbkarı kişilərdir. Kişilər oğlan övladını daha çox sevirlər. Hətta bizim 2 oğlumuz olsa da, yoldaşım istəyirdi ki, 4-cü övladımız da oğlan olsun. Bu əzəldən gələn bir şeydir, kişilər həmişə oğlan övladı istəyiblər, yəqin ki, ondan irəli gəlir. Tibb elmi də deyir ki, övladın qız yaxud oğlan olmağı atadan asılıdır. Amma yenə də niyəsə buna anaların səbəb olduğunu fikirləşirlər. Ona görə insanları maarifləndirmək lazımdır.
İslamda isə daha çox qız övladları üstün tutulur. Hədislərdə deyilir ki, 2-3 qızı olan adam cənnətlikdir. Allah hamıya övlad nəsib etsin. Qız, oğlan fərqi yoxdur, əsas olan sağlam dünyaya gəlməsi, xeyirli övlad olmasıdır”.
Sənətçi bətnindəki övlada qıymağın dini baxımdan da bəyənilməyən hərəkət olduğunu söyləyib:
“Kim ki, bətnində olan övladını aldırır, bunu da kəffarəsi var, Allah tərəfindən bəyənilmir. Bu insanlar sanki övlad öldürmüş, həkimlər isə bir insan öldürmüş kimi olurlar. Kim nə istəyirsə, Allah ona qismət etsin, heç kəsin gözü heç kəsdə qalmasın. Övladına qıyanları Allah hidayət etsin! Bu Allahın verdiyi nemətdir, mükafatdır. İllərlə övlad həsrətində olanlar, onun nəfəsini gəzənlər var. Gərək hər halımıza şükür edək. Nəinki övladın, aldığımız nəfəsin, hər şeyin sahibi Allahdır. Övlada da onun əmanəti kimi yanaşmaq lazımdır.
Belə bir hədis eşitmişdim, əgər valideyn namazqılandırsa, 3 aya kimi Allah ona oğlan yaxud qız istəməyə ixtiyar verir. Əgər ana hər namazından sonra əlini qarnına qoyub “Ayətül-Kürsi” oxuyarsa, Allah ananın səsini eşidər.
Gəlin, hər şeyi Allahdan istəyək, onun əmrlərinə tabe olaq. Biz Allaha istədiyini verək, o da bizə istədiyimizi mütləq verər”.