Daha 14 yük maşını Rəfah Sərhəd Qapısından Qəzzaya keçdi
Daha 14 yük maşını Rəfah Sərhəd Qapısından Qəzzaya keçib. Dünəndən etibarən humanitar yardım daşıyan 3 karvan Qəzzaya çatıb.
Globall.az turkustan.az-a istinadən xəbər verir ki, Humanitar yardımların çatdırılması üçün açılan Rəfah Sərhəd Qapısından daha 14 yük maşını Qəzza zolağına keçib. Humanitar yardım daşıyan 3 karvan Qəzzaya çatıb.
İsrail-Həmas qarşıdurması 16-cı günündə davam edərkən, daha bir humanitar yardım karvanı Rəfah Sərhəd Qapısından Qəzza zolağına keçib. BMT rəsmisi açıqlamasında qida və dərman kimi humanitar yardım daşıyan 14 yük maşınının Qəzza zolağına daxil olduğunu və yardımın Fələstin Qızıl Aypara Cəmiyyəti və Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) tərəfindən qəbul edildiyini açıqlayıb.
Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza zolağından bir səlahiyyətlisi, yardım karvanının onların tərəfə çatdığını və yardımın Qəzza zolağındakı UNRWA-nın anbarlarına aparılmaq üçün yük maşınlarından boşaldılmağa başladığını bildirib. Yardım karvanında yanacaq olmadığı bildirilib.
Dünyanın hər yerindən Qəzza zolağına göndərilən yardımı daşıyan 20 yük maşınından ibarət ilk karvan şənbə günü Qəzza zolağına, 17 yük maşınından ibarət ikinci karvan isə dünən səhər saatlarında Qəzza zolağına keçib. Son konvoyla humanitar yardım daşıyan 3 konvoy Qəzzaya çatıb. Bildirilib ki, Qəzza zolağında fələstinlilərin ehtiyaclarını qarşılamaq üçün hər gün 100 yük maşını sərhəddən keçməlidir.