Dırnaq qaynağı edən xanımlara HƏKİMDƏN ÇAĞIRIŞ - Təhlükəlidir
Son zamanlar xanımlar arasında ən geniş yayılmış trendlərdən biri qaynaq edilən dırnaqlardır. Hər kəs gündəlik ətrafda uzun, rəngarən, üzəri naxışlı, süni dırnaqlı xanımlarla, yəqin, tez-tez rastlaşır. Dəblə ayaqlaşmaq istəyən çox sayda xanımlar bunu müasirliklə əlaqələndirsələr də, salonlarda “hazırlanan” süni dırnaqlara meyilliliyin kökündə tənbəllik dayanır. Maraqlısı budur ki, əvvəllər dırnaq qaynağına daha çox işləyən xanımlar, məşhurlar üstünlük verirdilərsə, artıq bu trendin universitet tələbələri, hətta yuxarı sinifdə oxuyan məktəbli qızlar arasında da yayıldığını görürük. Təbii dırnağın kökündən yonularaq əvəzində tərkibi müxtəlif kimyəvi maddələrdən ibarət gel vasitəsilə hazırlanan süni dırnaq nə dərəcədə təhlükəsiz ola bilər? Üstəlik bu qaynaq aylarla insanın dırnaq ətində qalırsa... Müşahidələr deməyə əsas verir ki, xeyli sayda xanım süni dırnaqlardan istifadə etdiyinə görə peşman olub. Şikayətlər daha çox dırnaqların artıq əvvəlki kimi bərpa olunmaması, kövrəkləşməsi, tez sınması, qırılıb tökülməsi ilə bağlıdır...
Globall.az bildirir ki, tanınmış dermatoloq, trixoloq, kosmetoloq Bəxtiyar Paşayev Pravda.az-a açıqlamasında dırnaq qaynağının zərərlərini daha ətraflı şərh edib.
Həkim bildirib ki, dırnaq uzatma və ya akril dırnaq kimi də tanınan dırnaq qaynağı maye monomer və toz polimer birləşməsindən istifadə edilərək təbii dırnaqlara süni dırnaqların yapışdırılması deməkdir: “Dırnaqların görünüşünü yaxşılaşdırmaq üçün məşhur seçim olsa da, dırnaq qaynağı dəri və təbii dırnaqlara potensial təsir göstərir və xanımların bundan xəbərdar olmaları vacibdir. Dırnaq uzatmalarının davamlı istifadəsi təbii dırnaqların zəifləməsinə səbəb ola bilər. Dırnaq qaynağının tətbiqi və çıxarılması prosesində dırnaq lövhəsinin mexaniki zədələnməsi baş verir. Dırnaq qaynağının çıxarılması prosesi düzgün aparılmaması təbii dırnaqların incəlməsinə və kövrəkləşməsinə səbəb olur. Eyni zamanda qaynaqların düzgün tətbiq edilməməsi və uzun müddət saxlanılması göbələk infeksiyaları üçün əlverişli mühit yarada bilər. Göbələklər daha çox süni və təbii dırnaq arasında nəmlik yarandığı zaman ortaya çıxır. Bəzi fərdlərin dırnaq qaynaqlarının tətbiqində istifadə olunan kimyəvi maddələrə qarşı allergiyası ola bilər. Bu hal qızartı, qaşınma və digər dəri qıcıqlanmaları ilə özünü göstərir. Həmçinin qaynaqdan uzun müddət istifadə dırnaq rənginin dəyişməsinə də gətirib çıxarır. Çünki təbii dırnaqlar kifayət qədər hava və işıq ala bilmir”.
B.Paşayevin sözlərinə görə, sağlam, güclü təbii dırnaqlara sahib xanımlar dırnaq qaynaqları üçün daha yaxşı namizəddirlər: “Doğrudur, özəl günlərdə dırnaqlarınızın daha yaxşı görünməsini istədiyiniz zaman dırnaq qaynaqları əla seçim ola bilər, lakin qısamüddətli... Təbii dırnaqları artıq zəifləyən, kövrək və ya zədələnən xanımlar dırnaqları bərpa olana qədər qaynaqdan uzaq dursalar, daha yaxşı olar. Əgər aktiv dırnaq infeksiyanız varsa, dırnaq qaynağından öncə infeksiyanı müalicə etmək çox vacibdir. Ekzema kimi müəyyən xəstəlikləri olan xanımlar dırnaq qaynağından istifadə etdikləri zaman ekzema ağırlaşa bilər. Əgər kimsə dırnaq qaynağından istifadə etdikdən sonra dırnaqlarında problem yaşayırsa, mütləq peşəkar məsləhət və qulluq üçün dermatoloqa müraciət etməlidir”.