“Misir prezidenti bizə göstəriş verə bilməz, Sirti götürəcəyik” -
Liviya MRH
Liviya Milli Razılıq Hökumətinin (MRH) Müdafiə Nazirliyi (MN) bəyan edib ki, hökumət «Sirt liman şəhərinin marşal Xəlifə Həftarın qeyri-qanuni silahlı birləşmələrindən azad edilməsi istiqamətində addımlar atmaqda davam edəcək - Misir prezidenti Əbdül Fəttah əs-Sisinin xəbərdarlığına baxmayaraq. Sonuncu bildirib ki, sözügedən nəhəng yaşayış məntəqəsinin ələ keçirilməsi Qahirə üçün «qırmızı xətt» olacaq».
Bu barədə iyunun 26-da «Middle East Monitor» (MEMO) nəşri xəbər verib.
«Heç bir «qırmızı xətt» Sirtə hücuma keçən qüvvələrimizə mane ola bilməz» - deyə, MRH müdafiə nazirinin müavini Salah əd-Din əl-Namruş iyunun 25-də Türkiyənin «Anadolu» dövlət agentliyinə verdiyi müsahibədə bəyan edib. Müsahəbə elə həmin gün dərc olunub.
Onun sözlərinə görə, Liviya MRH-nin məqsədi Həftar ordusunu məğlub etməkdən və Tripolinin şərq səmtinin 450 kilometrliyində yerləşən şəhəri nəzarət altına almaqdan ibarətdir.
«MRH-nin qüvvələri Sirtin qapıları ağzındadır və azad edilmə prosesi gecikməyəcək. Bizim qüvvələrimiz şəhərin ətrafında cəmləşir… Biz - hökumət olaraq, qan axıdılmasından qaçmaq üçün barışa və siyasi həllə nail olmaq istəyən gücük. Ancaq təcavüzkar (Həftarın ordusu nəzərdə tutulur - Red.) əvvəlki bütün sazişlərə əməl etməyib və atəşin dayandırılmasına yönəlik bütün cəhdlər uğursuzluğa düçar olub» - əl-Namruş bəyan edib.
Xatırladaq ki, Misir də tədricən Liviya münaqişəsinə sürüklənir. Ötən həftə Qahirə LRH Sirt şəhərini ələ keçirməsini özü üçün «qırmızı xətt» adlandırıb. Misir prezidenti bəyan edib ki, Liviya MRH və onun başçısı Faiz Sərac «öz yerini bilməlidir».