Rusiya Kiyevi VURDU - Ölənlər və yaralananlar var
Bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları və raketlərlə hava hücumu təşkil edib.
Kiyev şəhərinin hərbi administrasiyası "Telegram" hesabında paylaşdığı məlumatda hücumların şəhər ətrafında ən az 10 nöqtəni hədəf aldığı bildirilib.
Kiyev meri Vitali Kliçko isə açıqlamasında bildirib ki, Kiyevə irimiqyaslı hava hücum nəticəsində azı 6 nəfər həyatını itirib, 48 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 26 nəfərin şəhərin səhiyyə müəssisələrində müalicə aldığını bildirib. Onun sözlərinə görə, Şevçenkovski rayonundakı bir xəstəxananın uşaq şöbəsinin pəncərələri partlayış dalğası nəticəsində dağılıb. Həmçinin Qolosievski rayonunda bir məktəb və uşaq bağçası daxil olmaqla bir neçə bina zərər görüb.
Ukraynanın daxili işlər naziri İqor Klimenko da bu barədə bəyanat yayıb.
“Düşmən bu gecə paytaxta raketlər və PUA-larla hücum etdi. Ən ciddi dağıntılar Svyatoşinski və Solomyanski rayonlarında qeydə alınıb. Hazırkı məlumata görə, səhər saat 06:30-da 1 nəfər həlak olub, 20-dən çox insan yaralanıb”,-deyə o qeyd edib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, hücum nəticəsində Kiyevdə yerləşən ali təhsil müəssisələrindən biri də zərbə alıb.
Press-fakt