Moskvada yataqxanaya BASQIN: 300 miqrant SAXLANILDI
Moskvada miqrantlara qarşı növbəti genişmiqyaslı reyd keçirilib.
Rusiya Qvardiyasının Moskva üzrə Baş İdarəsinin yaydığı məlumata görə, paytaxtın mərkəzində yerləşən yataqxanalardan birində aparılan yoxlamalar zamanı 300 nəfər saxlanılıb.
Bildirilib ki, xüsusi tədbir çərçivəsində həmin yataqxanada yaşayan 400 əcnəbi vətəndaşın miqrasiya sənədləri, pasportları, miqrasiya vəsiqələri və iş icazələri yoxlanılıb.
Nəticədə 300 nəfərin miqrasiya qanunvericiliyini pozduğu aşkarlanıb və onlar əlavə araşdırmalar aparılması üçün polis şöbəsinə aparılıblar.
Məlumata görə, reyd Rusiya İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilib. Onlara Rusiya Qvardiyasının Moskva üzrə Baş İdarəsinin “Avanqard OMON” bölməsinin əməkdaşları güclü dəstək göstərib./musavat.com