Rusların son ümid YERİ - Alyaska görüşünə görə kilsələrdə dua etməyə BAŞLADILAR

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Rus Pravoslav Kilsəsinin iyerarxları, ruhaniləri və dindarları Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında 15 avqustda Alyaskada keçiriləcək danışıqların uğurla baş tutması üçün dua edirlər.
Bu barədə “RIA Novosti”yə patriarxın müşaviri protoiyerey Nikolay Balaşov məlumat verib.
O, Rus Pravoslav Kilsəsinin, Amerikanın Pravoslav Kilsəsinin Sitka və Alyaska yeparxiyasının rəhbəri arxiyepiskop Aleksi tərəfindən 12–15 avqust tarixlərində Rusiyada və Ukraynada ədalətli sülh, günahsızların qorunması və əsirlərin qaytarılması üçün dua edilməsi çağırışını məmnuniyyətlə qarşıladığını bildirib. Bu çağırış 9 avqustda – Rusiyanın Alyaskadakı ən tanınmış missionerlərindən biri olan müqəddəs German Alyaskinskinin anım günündə səsləndirilib.
“Tanrı qarşıdakı danışıqları xeyirli etsin və xalqlarımıza sülh nəsib etsin”, – deyə ata Nikolay vurğulayıb.
Qeyd edək ki, avqustun 11-dən Alyaska kilsələrində Putin və Tramp arasında danışıqların uğurla nəticələnməsi üçün dua həftəsinə start verilib. Yerli vaxtla hər gün saat 18:00-da (Moskva vaxtı ilə 07:00) yeparxiyanın bütün kilsələrində Rusiya və ABŞ liderləri arasında danışıqların müsbət nəticələnməsinə kömək edə biləcək müqəddəslərin şərəfinə ibadətlər keçirilir.
Xatırladaq ki, Ağ Ev liderlərin görüşünün 15 avqustda Ankoricdə baş tutacağını təsdiqləyib.
CNN-in məlumatına görə, sammitin keçirilməsi üçün birləşdirilmiş Elmendorf–Richardson hərbi bazası seçilib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqların əsas mövzusu Ukraynadakı münaqişənin uzunmüddətli həlli yollarının axtarışı olacaq.
Press-fakt