“ALKAŞ” GENERAL YENƏ SARSAQLADI...- Azərbaycanı Çeçenistanın taleyi ilə hədələyir
Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov ölkəmizi növbəti “xüsusi hərbi əməliyyat”la hədələyəndən sonra yenə Azərbaycanı hədəf alan başından yekə açıqlamalar verib.
RTVI kanalına danışan Qurulyov əvvəlcə deyib ki, bundan öncəki açıqlamalarında Azərbaycanı hədələməyib, sadəcə xatırladıb ki, Rusiyanın Azərbaycana təsir imkanları var: "Mən onları təhdid etməmişəm. Səs yazısına diqqətlə baxın. İş ondadır ki, bir neçə əsas məqam var. Mən sözün əsl mənasında bunları dedim: böyük qonşu ilə münasibətləri korlamaq üçün çox ağıl lazım deyil. İkincisi, münasibətlər korlansa, bundan Azərbaycan ziyan görəcək. Üçüncüsü, Rusiyadan karbohidrogen eksportu alınmayacaq. Diqqəti cəlb edən əsas məqam var, orada NATO-dan kimsə peyda olacaq. Bu, qəbuledilməzdir. Xatırladım ki, Ukraynada xüsusi hərbi əməliyyat məhz Ukraynanın NATO-ya qoşulmaq istəyinə görə baş verib, elə deyilmi? Qoy bundan sonra nə olacağını yaxşı düşünsünlər".
Qurulyovun tipik alkoqolik rus generalı reputasiyası nəzərə alınsa, onun dediklərinə ciddi əhəmiyyət verməmək də olardı. Ən azından Qurulyov bir hərbçi, general kimi nəyəsə yarasaydı, indi Dumada oturib sarsaq-sarsaq danışmaqdansa, cəbhədə olar, hansısa ordu birləşməsinə başçılıq edərdi. Ancaq məsələ ondadır ki, bu yararsız və yaramaz “general”a dil verən Kremldəki “bosslar”ı da ondan geri qalmır və Qurulyov məhz onların sözünü deyir.
Bu “neqodnı” general həmçinin, Milli Məclisin deputatı Rasim Musabəyovun Rusiyanın Azərbaycana mümkün hərbi müdaxiləsi barədə dediklərinə də cavab verməyə çalışıb. Musabəyov efirlərin birində deyib ki, “Qurulyovun deputat olması onun ağlını artırmayıb”.

Musabəyovun dediyinə görə, Rusiya ilə Azərbaycan arasındakı sərhəddə hündür dağlar olduğu üçün Azərbaycana qarşı işğalçı hərbi əməliyyat keçirmək praktiki olaraq, qeyri-mümkündür.
Buna cavab olaraq, Qurulyov yeni müsahibəsində Çeçenistan müharibəsini xatırladıb: "Mən hamıya, Çeçenistanı xatırladıram. Orada dağlar az deyildi".
Göründüyü kimi, Azərbyacana dil uzadan Qurulyov utanmadan Rusiyanın 1990-cı illərdə açıq qətliam, qırğın törətdiyi Çeçenistanı xatırladıb. Hansı ki, rus odusu cəmi yarım milyon əhalisi və heç bir müasir silahı, ordusu olmayan Çeçenistanla illərlə davam edən müharibə aparıb. Bir neçə dəfə biabırçı məğlubiyyətlərə uğrayıb və yalnız say üstünlüyü, amansız bombardmanlar, dinc əhaliyə qarşı qətliamlar, soyqırım hesabına çətinliklə orada özünə uyğun hakimiyyət formalaşdıra bilib. Lakin indinin özündə belə Rusiya Çeçenistana tam hakim deyil. Bütün bunların fonunda özünə hörmət edən, azacıq mənliyi, ləyaqəti olan rus generalı xəcalətindən Çeçenistanın adını belə dilinə gətirməli deyildi.
Həmçinin, bunun kimi donuz başlılar başa düşməlidir ki, Azərbaycan nə ərazisinə, nə əhalisinə, nə də siyasi və hərbi imkanlarına görə Çeçenistan deyil!
C.Məmmədli