Ağ Evdən üçtərəfli görüşün anonsu verildi - Avropada FÖVQƏLADƏ TOPLANTI KEÇİRİLƏCƏK
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə planlaşdırılan səfəri çərçivəsində üçlü - Tramp, Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüş təşkil oluna bilər. Məqsəd, Ukrayna müharibəsinin tam dayandırılması üzrə razılaşma əldə etməkdir.
Tramp sosial şəbəkə hesabında yazıb ki, Ukrayna Prezidenti və Avropa İttifaqı, eləcə də NATO liderləri ilə aparılan son danışıqdan sonra hamı razılaşıb ki, müharibənin dayandırılması yalnız müvəqqəti atəşkəsdən daha effektivdir, çünki atəşkəslər tez-tez pozulur.
O, Ankoricdəki Tramp-Putin görüşünü “çox yaxşı” adlandırıb və qeyd edib ki, Zelenski ilə Putinin görüşü milyonlarla insanın həyatını xilas edə bilər. Digər detalları isə açıqlamayıb.
“Alyaskada çox gözəl və uğurlu bir gün keçdi. Rusiya Prezidenti Vladimir Putinlə görüş çox yaxşı keçdi. Həmçinin, gecə Ukrayna prezidenti Zelenski və NATO-nun hörmətli Baş katibi, eləcə də bir sıra Avropa liderləri ilə danışığım da uğurlu oldu.
Hamı razılaşdı ki, Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibəni sonlandırmağın ən yaxşı yolu birbaşa sülh razılaşması üçün çalışmaqdır, sadəcə atəşkəs razılaşması əldə etmək deyil” - Tramp qeyd edib.
Qeyd edək ki, Trampın Zelenski və Avropa, Böyük Britaniya və NATO liderləri ilə danışığından sonra Brüsseldə Avropa İttifaqı səfirləri fövqəladə toplantıya çağırılıb. Almaniyada da fövqəladə hökumət iclası keçirilir və orada müharibənin dayandırılması üzrə tədbirlər müzakirə olunur. Müzakirələrin detalları açıqlanmayıb, yalnız Ukrayna müharibəsi mövzusunun müzakirə olunduğu bildirilib.
“Axios” jurnalisti Barak Ravi xəbər verib ki, Ankoricdəki danışıqlarda Putin müvəqqəti atəşkəs təklifini qəbul etməyib, əvəzində birbaşa müharibənin dayandırılması razılaşmasını təklif edib.
“The Economist” jurnalisti Oliver Carroll isə bildirib ki, Moskva Ukrayna üçün hava atəşkəsini üçtərəfli görüşdən əvvəl razılaşdırıb. Bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Press-fakt