“Zelenski-Tramp görüşü gözləniləndən yaxşı keçdi”- "ABŞ Ukraynaya təhlükəsizlik təminatı verəcək..."
Siyasi şərhçi Şahin Cəfərli Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutmuş görüşün təfərrüatlarını şərh edib.
Cəfərli bildirib ki, görüş gözləniləndən daha yaxşı atmosferdə keçib: “Tramp Zelenskini hər hansı güzəştə məcbur etməyib və qərar vermə səlahiyyətini onun öz öhdəsinə buraxıb. Ayın sonuna qədər əvvəlcə Zelenski ilə Putin arasında ikitərəfli, daha sonra isə Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Lakin Rusiya tərəfinin açıqlamasında ilk mərhələdə nümayəndə heyətlərinin görüşündən danışılır. Moskva bu dəfə Medinskinin yerinə daha ciddi fiqurun nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirib".
Şahin Cəfərlinin sözlərinə görə, Zelenski xəritə üzərində cəbhədəki real vəziyyət barədə Trampa məlumat verib: “O, rus ordusunun guya sürətlə irəlilədiyi haqda Rusiyanın formalaşdırmaq istədiyi təsəvvürün yalan olduğunu bildirib. Ukrayna Prezidenti qeyd edib ki, son 3 il ərzində Ukrayna 1 faizdən az ərazi itirib və təslimçi şərtləri qəbul etməsi üçün heç bir əsas yoxdur. Bununla belə, müəyyən güzəştlərə də hazır olduqlarını vurğulayıb".
Ş.Cəfərli qeyd edib ki, Tramp ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatlarında iştirak edəcəyini bəyan edib: “Bu zəmanətlərin konkret nədən ibarət olacağı yaxın 10 gün ərzində müəyyənləşəcək. Eyni zamanda ABŞ Senatından da Trampa siqnal göndərilib ki, əgər Putin ədalətli sülhə razılaşmasa, Rusiyanın iqtisadiyyatını çökdürməyə yönəlmiş sanksiya qanunu qəbul etməyə hazırdırlar".
Press-fakt