Muğam Müsabiqəsində narazılıq: “Hər kəs öz qiymətini alıb”- Nəzakət Teymurova
25 avqustda Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin nəticələri müzakirələrə səbəb olub.
Belə ki, 16-30 yaşında gənclər arasında müsabiqədə birinci yerə Aytac Bəybalayeva, ikinci yerə Nərmin Mirzəyeva, üçüncü yerə isə Rəis Niftəliyev seçilib.
Lakin nəticələr bəzi iştirakçılar tərəfindən birmənalı qarşılanmayıb və onlar sosial media hesablarında ədalətsizlik olduğunu iddia edərək narazılıq ifadə ediblər.
Müsabiqənin münsiflərindən olan Nəzakət Teymurovayayılan fikirlərə münasibət bildirib.
“Hər kəs Muğam Müsabiqəsində öz qiymətini alıb. Biz orada 7 münsif olmuşuq, hər birimizin rəyi nəticəsində üç nəfər seçilib”.
Final müsabiqəsinə qədər gələnlər də 7 münsifin rəyi ilə ən yaxşılar olaraq o pilləyə kimi gəlib.
“Qaliblər üçün üç yer ayrılmışdı. Sosial mediada indi hər kəs ağzına gələni yazır, orada İlqar Fəhmi, Mənsum İbrahimov, Mələkxanım Eyyubova da olub və hər birimiz ortaq qərar verib qalibləri seçmişik”- deyə Xalq artisti sonda bildirib.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin kürsüsündə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi əyləşib./modern.az