Ukrayna şəhərlərinə raket və çoxsaylı dron hücumu - Böyük dağıntılar və çoxsaylı yaralı var
Sentyabrın 3-nə keçən gecə Rusiya hərbçiləri Ukraynaya kütləvi zərbə endirib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ümumilikdə 502 pilotsuz təyyarə və müxtəlif tipli 23 qanadlı raket buraxıb. Bildirilib ki, HHM sistemləri üç raket və 69 PUA-nı vura bilməyib.
Zərbələr ölkənin həm şərqində, həm də qərbində bir neçə rayonda həyata keçirilib. Çerniqov vilayəti hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib ki, hücum nəticəsində mülki əhəmiyyətli infrastruktur obyektinə ziyan dəyib. Nijin rayonunda 30 mindən çox ev işıqsız qalıb. Kirovoqrad vilayətində dəmir yolu infrastrukturu obyektlərinə zərbələr endirilib. Dörd dəmiryolçu yaralanıb, 20-dən çox qatar gecikib. Kirovoqrad vilayətinin Znamenka şəhərində Rusiyanın zərbəsi nəticəsində 5 nəfər yaralanıb. Yaşayış binalarına ziyan dəyib.
Lvov, Xmelnitski və İvano-Frankivsk vilayətləri, həmçinin Volın vilayətinin mərkəzi olan Lutsk da zərbələrə məruz qalıb.
Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya cəzasızlığını nümayiş etdirən nümayişkəranə zərbələr endirir. O, yenidən Ukraynanın tərəfdaşlarını Rusiyaya, ilk növbədə, iqtisadi sahədə təzyiqləri artırmağa çağırıb.
Press-fakt