Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.
Millimiz Bakıda Ukrayna yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da millimiz DÇ-2026-nin seçmə mərhələsində ilk xalını qazanıb.
Azərbaycan millisi seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb. İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş ötən gün istefaya göndərilib. Komandanı Ukrayna ilə oyuna U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov çıxarıb.
Qeyd edək ki, ilk turda Ukrayna isə Fransaya uduzub (0:2).
D qrupunun digər oyununda isə Fransa İslandiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
9 sentyabr
DÇ-2026, seçmə mərhələ
D qrupu
20:00. Azərbaycan - Ukrayna - 1:1
Qol: Georgiy Sudakov, 51, Emin Mahmudov, 72 - pen.
Baş hakim: Vassilis Fotias (Yunanıstan)
Tofiq Bəhramov adına Respublika Stadionu