RUSİYA PUA-larla NATO ÖLKƏSİNƏ HÜCUM ETDİ - Polşada aeroportlar bağlandı, NATO-ya müraciət olundu
Sentyabrın 10-na keçən gecə Rusiya PUA-ları Polşa ərazisinə hücum edib. Əvvəlki “təsadüfi” sərhəd pozuntularından fərqli olaraq, bu dəfə müxtəlif mənbələrə görə, 10-a yaxın Rusiya-İran “Şahed”-ləri Polşa ərazisinə keçərək, uzun müddət bu ölkənin hava məkanında hərəkət edib və ciddi təhlükə yaradıblar.
Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda qonşu NATO ölkəsinə qarşı yaranan təhlükə ilə bağlı Polşa ordusu hava hücumundan müdafiə və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib.
Polşanın Baş naziri Donald Tusk hərbçilərin gecə saatlarında ölkənin hava məkanını pozan obyektləri vurduğunu təsdiqləyib. Lakin o, söhbətin məhz Rusiya PUA-larından getdiyini deməyib.
Lakin Polşa Silahlı Qüvvələrinin operativ komandanlığının bəyanatı daha konkret olub. Komandanlıq bəyan edib ki, məhz Rusiya PUA-ları ölkənin hava məkanını pozub.
Polşa Silahlı Qüvvələri Komandanlığının “X” sosial şəbəkəsində verdiyi açıqlamaya görə, bu, ölkə vətəndaşları üçün birbaşa təhlükə yaradan “təcavüz aktı”dır: "Rusiya Federasiyasının Ukrayna ərazisinə bugünkü hücumu nəticəsində dron tipli obyektlər tərəfindən Polşanın hava məkanının görünməmiş şəkildə pozulması baş verib. Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır".

Silahlı Qüvvələrin əməliyyat komandirinin əmri ilə “dərhal müdafiə prosedurlarına başlanılıb”. Qeyd olunur ki, Polşa və müttəfiqləri müşahidə radarlarından istifadə edərək bir neçə obyekti izləyib.
Silahlı Qüvvələrin Əməliyyat Komandanlığı təhlükə yaradan obyektlərin dərhal zərərsizləşdirilməsi barədə qərar qəbul edib: "Hava məkanımıza daxil olan pilotsuz təyyarələrin bəziləri vurulub. Bu obyektlərin axtarışı və lokallaşdırılması davam edir". Məlumatda deyilir ki, Polşa Silahlı Qüvvələri hazırkı vəziyyətə nəzarət edir və hava hücumundan müdafiə qüvvələri “sonrakı fəaliyyətə tam hazır vəziyyətdədir”.
Artıq Rusiya PUA-larının Polşanın hava məkanına soxulması ilə əlaqədar 10 voevodalıq (inzibati ərazi vahidi) ərazi müdafiəsi üçün ehtiyatda olan əsgərlərin sürətləndirilmiş çağırışını elan edib.

Qeyd edək ki, ötən gecə baş verən hücum zamanı Ukrayna hava məkanında yüzdən çox müxtəlif tipli dron və xeyli sayda raket olub, onlar daha çoxu Kursk vilayətindən və Krımdan buraxılıb. Rusiyanın qanadlı raketləri daşıyan 9 strateji bombardmançı təyyarəsi havaya qalxıb.
Hücum nəticəsidə NATO-nun Ukraynaya hərbi yardımlarının daşındığı əsas logistika mərkəzi sayılan Polşanın Jeşuv şəhərindəki hava limanı bağlanıb. Ukrayna “telegram” kanalları bir neçə Rusiya PUA-sının məhz bu şəhərə uçduğunu yazıb. Jeşuv hava limanından verilən rəsmi açıqlamada onun "planlaşdırılmamış hərbi fəaliyyətə görə" bağlandığı bildirilib.
Ukrayna kanalları və “Flightradar24” saytının məlumatına görə, Polşa qırıcı təyyarələri və radar kəşfiyyat təyyarəsini havaya qaldırıb. Polşa Əməliyyat Komandanlığı “X” şəbəkəsi vasitəsilə bəyan edib ki, təkcə Polşa qırıcıları deyil, digər NATO ölkələrindən olan təyyarələr də havaya qaldırılıb. Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Polşa Prezidenti Karol Navroçki Rusiyanın pilotsuz təyyarələrinin ölkənin hava məkanını pozması ilə bağlı müdafiə naziri və hərbi rəhbərliklə əlaqə saxladığını bildirib: "Mən Silahlı Qüvvələrin Əməliyyat Komandanlığında brifinqlərdə iştirak etmişəm. Tezliklə Milli Təhlükəsizlik Bürosunda hökumət başçısının da iştirak edəcəyi toplantı keçirəcəyəm. Vətənimizin təhlükəsizliyi əsas prioritetdir və sıx əməkdaşlıq tələb edir".
Artıq Avropa İttifaqı Polşanın müdafiəsinin möhkəmləndirilməsinə 43 milyard avro ayırdığını bəyan edib.
Polşa hökumətinin sözçüsü Adam Szlapka isə məlumat verib ki, Polşada fövqəladə hökumət iclası keçiriləcək. İclas Bakı vaxtı ilə saat 10:00-a planlaşdırılıb. Baş nazir isə hazırda dövlət təhlükəsizliyinə cavabdeh olan nazirlərlə görüşür.
Rusiyanın bu təxribatı bir daha işğalçının qarşısının zamanında alınmamasının, vaxtında və lazımınca cəzalandırılmamasının nə ilə nətiəclənə biləcəyini və Rusiyanın planlarının Ukrayna ilə məhdudlaşmadığını deyənlərin haqlı olduğunu göstərir.
C.Məmmədli