“Bu, inhisarçılıqdır”- "Seçim azadlığı pozulur..."
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Heydər Əliyev Beynəlxalq Aeroportundan taksi xidmətlərinin təşkili ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Ekspertin sözlərinə görə, hava limanından şəhər istiqamətində sərnişin daşıma hüququnun yalnız dövlətə məxsus “Bakı Taksi Xidməti” MMC-yə verilməsi faktiki olaraq inhisarçılıq yaradır və bu qərar sərnişinlərin seçim azadlığının pozulması anlamına gəlir.
“Yayılan məlumatlara görə, sərnişinlər Bolt və ya Yango ilə hava limanına gələ bilərlər, amma oradan yalnız dövlət taksisi ilə şəhərə dönə biləcəklər. Bu, absurd bir qərardır,” – deyə Osman Gündüz bildirib.
O qeyd edib ki, bu cür məhdudlaşdırıcı qərarların tətbiqi uzun növbələrə, qiymətlərin artmasına və xidmət keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilər: “Rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni üstünlüklər verilməsi yolverilməzdir. Bu, həm də Rəqabət Məcəlləsinin tələblərinə ziddir. Belə addımlar rəqabətsiz mühit yaradır, vətəndaşların hüquqlarını pozur və iqtisadi səmərəsizliyə səbəb olur".
Osman Gündüz bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələni diqqətlə araşdırmalıdır: “Xatırlatmaq istəyirəm ki, bu qurum artıq birbaşa Prezidentə tabedir və iqtisadi subyektlər arasında bərabər rəqabət mühitini təmin etmək onun birbaşa vəzifəsidir. Ümid edirəm ki, hava limanı administrasiyasının bu məhdudlaşdırıcı qərarları aidiyyəti üzrə dəyərləndiriləcək".
Press-fakt