“Tanqo üçün iki nəfər lazımdır...”- “Onlar bir-birlərinə nifrət edirlər.”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna lideri Volodimir Zelenski Moskva ilə münaqişənin başa çatdırılması üçün razılaşma imzalamağa məcbur olacaq. O, bu barədə Böyük Britaniyaya səfəri öncəsi jurnalistlərə açıqlama verib.
“Zelenskiyə razılaşma imzalamaq lazım olacaq. Avropa isə Rusiyadan neft alımını dayandırmalıdır”, – Tramp deyib.
Tramp ötən ay Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşünü xatırladaraq qeyd edib ki, müəyyən nəticələr əldə olunub. Lakin “tanqo üçün iki nəfər lazımdır” və Zelenski ilə Putinin bir masa arxasında oturmasının çətin olduğunu vurğulayıb: “Onlar bir-birlərinə nifrət edirlər. Ola bilsin, mən özüm də danışıqlarda iştirak etməli olum”.
Dövlət katibi Marko Rubio isə Trampın gələn həftə BMT Baş Assambleyası çərçivəsində Zelenski ilə görüşə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, Tramp Putinlə bir neçə dəfə danışıb, Zelenski ilə də görüşlər keçirib və hələ də münaqişəyə son qoymaq niyyətindədir.
Zelenski isə “Sky News”-a müsahibəsində ABŞ prezidentindən Rusiyaya qarşı sanksiyalar və təhlükəsizlik zəmanətləri ilə bağlı aydın mövqe sərgiləməyi xahiş edib. O, həmçinin Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üçtərəfli sammitinin vacibliyini vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə belə bir sammitin gündəmdə olmadığını bildirib: “Moskva siyasi-diplomatik həllin tərəfdarıdır, lakin Kiyev prosesi uzadır”.
Press-fakt