“İnternet tariflərində ƏDALƏTSİZLİK HÖKM SÜRÜR"- "Araşdırma başladıldığını demişdilər. 1 İL KEÇİB, LAKİN..."
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz ölkədə internet tariflərinin ədalətsiz şəkildə tətbiq olunduğunu bildirib.
O deyib ki, 2024-cü ilin 15 avqust tarixində dövlət provayderi Aztelekom-un təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən bütün internet provayderləri eyni gündə və eyni qərarla minimal tarifləri 50% artıraraq 25 manat səviyyəsində müəyyən etdilər.
AİF rəhbəri xatırladıb ki, həmin vaxt Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu qərarı “kartel sövdələşməsi və seçim hüququnun məhdudlaşdırılması” kimi qiymətləndirmiş və araşdırma başladıldığını elan etmişdi. Lakin Osman Gündüz vurğulayıb ki, bunun üzərindən bir il ötməsinə baxmayaraq, araşdırmanın nəticəsi hələ də ictimaiyyətə açıqlanmayıb.
"Bu gün də vəziyyət dəyişməyib. İstər pensiya alan, istərsə də yüksək maaşla çalışan – hər kəs eyni tariflə, 25 manatla internetə çıxış əldə edir. Heç bir alternativ seçim imkanı təqdim olunmur", – deyə o qeyd edib.
Onun sözlərinə görə, regionlarda 320-400 manat maaş və ya pensiya alan vətəndaşlar gəlirlərinin 7–8%-ni internetə xərcləməyə məcbur qalırlar: “Bu göstərici dünyanın heç bir yerində bu qədər yüksək deyil. Beynəlxalq təcrübədə bu rəqəm adətən 1–2% arasında dəyişir”.
Osman Gündüz ən paradoksal məqam kimi qiymət artımına qərar verən şəxslərin – 5-10 min manat maaş alanların gəlirlərinin cəmi 0.2–0.5%-ni internetə ödəmələrini göstərib: “Bu vəziyyəti necə izah etmək olar? Bu qədər açıq-aşkar ədalətsizliyə nə ad vermək olar?”
AİF prezidenti bildirib ki, BMT-nin yeni tələblərinə əsasən, internetə çıxış insanların fundamental hüququ kimi tanınır və bu, artıq lüks hesab edilə bilməz.
O vurğulayıb ki, bölgələrə, sosial təbəqələrə və real tələbatlara uyğun tarif modelləri təqdim olunmazsa, rəqəmsal bərabərlikdən danışmaq mümkün olmayacaq: “Rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal xidmətlərə əlçatanlığı artırmaq və xüsusilə regionlarda yaşayan vətəndaşlara yeni imkanlar yaratmaq üçün onlayn çıxışın genişləndirilməsi vacibdir”.
Gündüz hesab edir ki, hazırkı vəziyyətdən çıxış yolu kimi ilk növbədə dövlətə məxsus Aztelekom-un addım atması vacibdir: “Bəli, Aztelekom ölkə üzrə internetə əlçatanlığı genişləndirib. Lakin eyni zamanda, ölkə bazarının 50%-dən çoxuna nəzarət edən və bir neçə provayderi öz tərkibinə birləşdirən nəhəng bir dövlət provayderinə çevrilib. Dövlətə məxsus magistral xətlərin əksəriyyəti də onun nəzarətindədir”.
Onun fikrincə, hazırda AZCON Holdinq tərkibində aylıq 100 milyon manatdan çox gəlir əldə edən ən böyük oyunçu məhz Aztelekom-dur və buna görə də ilk addımı da elə bu qurum atmalıdır: “Aztelekom minimal tarifləri aşağı salmalı, bölgələr üçün fərqli, daha münasib seçim imkanları təqdim etməlidir. Cəmiyyətin gözləntisi də məhz budur”.
Rasim