“Hər şey Trampın şəxsi qərarından asılıdır”- ZELENSKİ
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ukraynaya uzaqmənzilli silahlar verilməsini müzakirə etdiyini təsdiqləyib. O qeyd edib ki, indi hər şey Ağ Ev rəhbərinin şəxsi qərarından asılıdır.
Press-fakt xəbər verir ki, Zelenski bunu Kopenhagendə Avropa Siyasi Birliyinin iclası başlamazdan əvvəl jurnalistlərə deyib.
Konkret olaraq, dövlət başçısına ABŞ mətbuatında ABŞ-nin Ukraynaya uzaqmənzilli silahlar üçün kəşfiyyat məlumatları verə biləcəyi ilə bağlı yayılan məlumatlara dair sual verilib. O isə cavabında deyib: "Biz ABŞ ilə danışdıq. Bu dialoqa görə Prezident Trampa çox minnətdarıq. Keçən dəfə də çox yaxşı görüşümüz, çox məhsuldar dialoqumuz oldu və biz uzaqmənzilli raketləri, silahları müzakirə etdik. Görəcəyik. Hər şey onun qərarından asılıdır. Bu vacibdir".
Xatırladaq ki, Qərb mətbuatının yazdığına görə, ABŞ Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etməklə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə imkan verəcək kəşfiyyat məlumatları ötürmək niyyətindədir. Bundan əlavə, ABŞ Ukraynanın Rusiya ərazisinin dərinliklərindəki enerji infrastrukturuna hücum etməsinə etiraz etməyəcək.