HƏMAS “Tramp planı”na razılıq verdi - İsrail Qəzzada döyüşü dayandırdı
“Əl-Cəzirə”nin məlumatına görə, HƏMAS hərəkatı İsrailin nəzarətində olan girovların azad edilməsinə və Qəzza sektorunda hakimiyyətin müstəqil administrasiyaya ötürülməsinə razılıq verib. Bu addım bölgədə soyqırımı davam etdirməyə bəhanə axtatran İsraili fakt qarşısında qoymaq baxımından mühüm addım kimi qiymətləndirilir.
HƏMAS açıqlamasında ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının müzakirəsinə hazır olduğunu bildirib. Qeyd edək ki, Tramp cümə günü hərəkat qarşısında ultimatum qoyaraq planı bazar günü axşamadək qəbul etməyi tələb etmişdi.
Təşkilatın bəyanatında vurğulanır ki, Trampın təklifləri Qəzza sektorunun gələcəyi və Fələstin xalqının hüquqları ilə bağlıdır və bunlar “vahid milli mövqe”, həmçinin “beynəlxalq qanun və qətnamələr” çərçivəsində müzakirə olunmalıdır. HƏMAS əlavə edib ki, bu məsələlərin həlli “ümumfələstin milli strukturu” daxilində həyata keçirilməli, hərəkat isə bu prosesdə “məsuliyyətli iştirak” göstərəcək.
Xatırladaq ki, daha əvvəl Avropanın aparıcı dövlətləri Trampın sülh planına dəstək verdiklərini açıqlayıblar. Rusiya Prezidenti Vladimir Putin də sənədi “ümumilikdə dəstəklədiyini” bəyan edib. İsrail də plana razılıq verib.
Donald Tramp isə sosial şəbəkədə yazaraq, HƏMAS-ın cavabını təşkilatın “dayanıqlı sülhə hazır olduğunun göstəricisi” kimi qiymətləndirib və İsraildən Qəzzaya hava zərbələrini dayandırmağı tələb edib.
Bu gün İsrail ordusu bölgədə hərbi əməliyyatları dayandırdığını açıqlayıb.