Bu ölkədə mafiya əlaqələrini araşdıran jurnalistə bombalı hücum olub - FOTO

Tanınmış italyan jurnalist Siqfrido Ranuççinin maşınına bombalı hücum olub.
Xarici KİV xəbər verir ki, hadisə gecə saatlarında Romanın cənubundakı Pomezia şəhərində baş verib.
Partlayış zamanı jurnalistin avtomobilinə, ailəsinə məxsus digər avtomobilə və qonşu evə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.
Rəsmilər bu hadisənin mafiya əlaqələrini yaxından izləyən Ranuççini “susdurmaq” məqsədi daşıdığını bildirirlər.
Ranuççi RAI televiziyasında yayımlanan “Report” araşdırma jurnalistikası proqramının aparıcısıdır. Ranucci partlayışı "son dərəcə güclü" olaraq xarakterizə edib:
“Partlayışın gücü o qədər böyük idi ki, o anda oradan kimsə keçsəydi, ölə bilərdi”.
Hadisənin gecə saatlarında baş verdiyi və yüksək səsi ilə ərazidə çaxnaşmaya səbəb olduğu bildirilir.
Jurnalist bildirib ki, maşınlardan biri partlayışdan cəmi 20 dəqiqə əvvəl ərazini tərk etmiş qızına məxsusdur.
İtaliyanın baş naziri Corciya Meloni hücumu "ciddi bir qorxutma aktı" olaraq qiymətləndirib.
Daxili işlər naziri Matteo Piantedosi jurnalistin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını açıqlayıb. Nazir hücumu “təkcə fərdi deyil, həm də mətbuat azadlığını və demokratiyamızın əsas dəyərlərini hədəf alan qorxaq və son dərəcə ciddi bir hərəkət" olaraq xarakterizə edib.
Qeyd edək ki, keçən həftə Ranuççi aparıcısı olduğu “Report”verilişinin yeni mövsümünün tezliklə başlayacağını və bank sistemi, səhiyyə sektoru, bərpa olunan enerji və ifrat sağçı mafiya əlaqələri kimi mövzulara diqqət yetirəcəyini açıqlayıb.
Press-fakt