AZAL Sankt-Peterburqa təcili eniş edən təyyarə barədə məlumat yaydı

Bu gün Azərbaycan Hava Yolları QSC (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq - Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən "Airbus A320" təyyarəsi geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib.
Press-fakt xəbər verir ki, AZAL hadisə barədə daha bir məlumat yayıb.
Qeyd olunub ki, "Airbus A320" tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub.
"Bildiririk ki, hava gəmisi 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan ("A-check") tam şəkildə keçib. Bütün texniki işlər istehsalçının tələblərinə və aviaşirkətin daxili prosedurlarına uyğun şəkildə yerinə yetirilib.
Təcrübəli pilotlarımız tərəfindən AZAL-ın daxili qaydalarına və beynəlxalq tənzimləyici prosedurlarına tam riayət olunub.
Pilotlarımızın peşəkarlığı sayəsində uçuş zamanı yaranmış bütün potensial risklər minimuma endirilib, sərnişinlərin və uçuşun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub", - açıqlamada deyilir.