Ağdaş polisi Göyçay dələduzunu HƏBS EDİB – Fermerlərə külli miqdarda pul atıb /FOTO

Ağdaş Rayon Polis Şöbəsi yerli fermerlərin etibarından sui-istifadə edərək onlara külli miqdarda zərər vuran dələduzu həbs edib.
Bu barədə adının çəkilməsini istəməyən zərərçəkmişlərdən biri Azpolitika-ya məlumat verib.
Mənbənin bildirdiyinə görə, Göyçay rayon Ləkiçıplaq kənd sakini Yaqubov Elsun Əziz oğlu etibarından sui-istifadə edərək onun külli miqdarda vəsaitini mənimsəyib. Belə ki, ondan meyvə alıb, pulun bir hissəsini ödəyib, qalanını isə 2-3 saata gətirəcəyini vəd edərək, aradan çıxıb. Sonradan öyrənib ki, E.Yaqubov onlarla digər şəxsi də bu üsulla aldadıb. Lakin hər dəfə hansısa üsulla, ola bilsin kimlərsə tərəfindən himayə olunduğundan məsuliyyətdən yayına bilib. “Hətta 21 fermerin birgə şikayətinin də nəticə vermədiyi haqda mənə məlumat verildi. Lakin keçən il oxşar əmələ görə Göyçay polisi tərəfindən sutkalıq həbsə göndərildiyi bildirilir. Buna baxmayaraq, meyvə alveri adı altında dələduzluq əməllərini yenə davam etdirib. Yaxınları onun guya hansısa nüfuzlu idarə tərəfindən himayə olunduğu, bu səbəbdən heç kimin ona heç nə edə bilməyəcəyi barədə şayiələr yayırlar”.
Şikayətçi bildirir ki, onun şikayətindən sonra oktyabrın 24-də Ağdaş RPİ Elsun Yaqubovu saxlayıb və məhkəmə onu həbsə göndərib: “Lakin məndə məlumat var ki, o, bu dəfə də məsuliyyətdən yayınmaq üçün ciddi cəhdlər göndərir. Yaxınları Şəki Apellyasiya Məhkəməsinin işə baxacaq hakimi ilə “anlaşmağa” və dələduzu həbsdən azad etdirməyə çalışırlar. Hətta bu məhkəmənin nümayəndələrinin müəyyən canfəşanlığından belə başa düşmək olar ki, bu “anlaşma” artıq baş tutub”.
Şikayətçi sayt vasitəsilə Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət edərək, sözügedən işi nəzarət altında saxlamağı xahiş edir./azpolitika





















