MİT-in ifşa etdiyi casus şəbəkəsi: Ərdoğana verilən gizli ad…
İstanbul Baş Prokurorluğu Milli İstehbarat Təşkilatı (MİT) ilə birgə Mİ6 və CİA-ya işləyən böyük casus şəbəkəsini ifşa edib.
Bu barədə türkiyəli jurnalist Əbdürrəhman Şimşək məlumat yayıb.
O bildirib ki, istintaq casusluq ittihamı ilə həbs edilən iş adamı Hüseyn Günün ögey oğlunun şikayəti əsasında başlayıb.
İstintaq H. Gününün Böyük Britaniya və ABŞ üçün agent kimi fəaliyyət göstərdiyini və Türkiyədəki seçki proseslərinə müdaxilə etdiyini müəyyən edib.
2025-ci il iyulun 4-də həbs edilən İngiltərə və Türkiyə vətəndaşı olan H.Gününün telefonunun yoxlanılmasında ingilis kəşfiyyatçıları ilə yazışmaları, şifrəli rabitə proqramları və türkiyəli nazirlərin gizli fotoları aşkarlanıb.
Onun britaniyalı kəşfiyyatçı Kristofer Pol Makqratla (C.P.M.) əlaqələri olduğu müəyyən edilib. Onların “Wickr” proqramı vasitəsilə gizli mesajlar mübadiləsi apardıqları məlum olub. Günün əlyazma qeydlərində FETÖ/PDY-nin İngiltərə imamı Mustafa Özcanla üzbəüz görüşlər zamanı aldığı təkliflər yer alıb. Eyni zamanda onun telefon kontaktında Mİ6, CİA və MOSSAD-a bağlı adlara da rast gəlinib.
H.Gün və Kristofer P.M arasında Vatsap yazışmaları da əldə edilib. Gün adıçəkilən kəşfiyyatçıya yazdığı mesajda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “Sublime” (Əzəmətli) kod adı ilə təqdim edib.
Onun mesajında “Əgər “Sublime”nin İngiltərədəki fəaliyyətləri ilə bağlı kəşfiyyat məlumatı verə bilsəniz faydalı olar” yazdığı ortaya çıxıb.
Bundan başqa, Kristoferin uzaqdan və gizli şəkildə Türkiyənin keçmiş ədliyyə naziri Əbdülhəmid Gül, keçmiş iqtisadiyyat naziri Nihad Zeybəkçi, keçmiş daxili işlər naziri Süleyman Soylu və prezidentin müşaviri Mücahid Arslanın da fotolarını çəkdiyi bəlli olub./axar.az






















