Gəncədə keçmiş vəkili 9 vəkil müdafiə etsə də... o həbs olunub - YENİLƏNİB
Report-un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə Zabil Qəhrəmanovu 9 vəkil müdafiə edib.
Qeyd edək ki, Zabil Qəhrəmanov oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 221.2.2-ci(xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
***
Xuliqanlıq və dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərilib.
APA xəbər verir ki, təqdimata Gəncə Şəhər Məhkəməsində baxılacaq.
Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova ittiham elan olunub.
Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham olunur.
Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun Gəncədə avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi və müvəkkilinə qarşı dələduzluq etməsi iddia olunur.
Bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkillik fəaliyyətinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub. Vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.





















