"Qızıl Qübbə" raketdən müdafiə sisteminin yaradılması 10-20 il çəkə bilər
Amerikanın "Qızıl Qübbə" raketdən müdafiə sisteminin hazırlanması təxminən 10-20 il çəkə və 1-4 trilyon dollara başa gələ bilər.
Bu qənaətlər "The Washington Post"un (WP) geniş analitik məqaləsində təqdim olunub.
Qeyd olunub ki, proqramın həyata keçirilməsi qarşılıqlı təminatlı məhv konsepsiyasından əl çəkməyə və potensial nüvə hücumunu zərərsizləşdirmək imkanı əldə etməyə çalışan ABŞ-nin hərbi doktrinasını kökündən dəyişdirəcək.
Qəzet müdafiə və büdcə analitiklərinin proqnozlarına istinad edərək yazıb ki, "Qızıl Qübbə" sisteminin qurulması çox güman ki, ən azı on il çəkəcək və bir trilyon dollar və ya daha çox başa gələcək.
Bu arada, Vaşinqtondakı "American Enterprise" institutunun baş əməkdaşı Todd Harrisonun hesablamalarına görə, plan 20 il ərzində 3,6 trilyon dollara başa gələcək.
Konqresin Büdcə Ofisi öz növbəsində təxmin edib ki, təkcə kosmosda mühafizə vasitələrinin yerləşdirilməsi ABŞ-yə 20 il ərzində 542 milyard dollara başa gələcək.
"The Washington Post" qeyd edib ki, "Qızıl Qübbə" sisteminin yerləşdirilməsi planları bir nəsil və ya daha çox davam edə biləcək orbital silahlanma yarışını alovlandırmaq təhlükəsi yaradır./report





















