Ermənistanın “xəritə isterikası”- “Bakı heç bir ekspansionist məqsəd daşımır...”
“Prezident İlham Əliyevin Göyçə gölü və qədim xəritələr barədə çıxışından sonra Ermənistanda yeni bir isterika dalğası yaranıb. Ermənilər bu bəyanatı Azərbaycan tərəfindən “ərazi iddialarının siqnalı” kimi təqdim etməyə çalışırlar. Lakin belə yanaşmalar reallıqla uzlaşmır və əslində, bu, Ermənistan cəmiyyətində hələ də dərin kök salmış revanşist düşüncənin təzahürüdür”.
Buları politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin sözlərinin məğzi tarixə obyektiv baxış və regionda sülh üçün tarixi ədalətin bərpası kontekstində səslənib. “Lakin İrəvanda bəzi qüvvələr hər bir tarixi istinadı öz təxribatçı prizmasından qiymətləndirir və bundan siyasi manipulyasiya vasitəsi kimi istifadə edirlər”, - o əlavə edib.
F.Məmmədov deyir ki, ABŞ-dən gələn açıqlama isə bu ittihamların mənasızlığını tam şəkildə ifşa edib: “ABŞ Prezidentinin xüsusi nümayəndəsi Uitkoff xatırladıb ki, 8 avqustda Ağ Evdə keçirilən görüş zamanı Donald Tramp Prezident İlham Əliyevə sual verib: “Niyə dayandınız? Qələbə qazandınız, böyük ordunuz var idi”. Prezident Əliyevin cavabı isə Azərbaycanın məqsədlərini və dəyərlərini aydın şəkildə göstərib: “Mən bizdən alınanı qaytarmaq istədim. Daha artığı mənə lazım deyil”. Uitkoff bu mövqeni “müdrik və məsuliyyətli liderliyin nümunəsi” adlandırıb və qeyd edib ki, İlham Əliyevin qərarı regionda sülh və sabitlik baxımından tarixi əhəmiyyət daşıyır”.
Ekspert vurğulayır ki, bu sözlər Azərbaycanın siyasətinin əsas fəlsəfəsini aydın şəkildə ortaya qoyur: “Bakı heç bir ekspansionist məqsəd daşımır, amma suverenliyinə və tarixi ədalətə qarşı yönələn istənilən təhdidə adekvat cavab verməyə qadirdir”.
Politoloq bildirir ki, hazırda Ermənistanda bəzi revanşist qüvvələr, o cümlədən “hayeli” adlı kanalda çıxış edən millətçilər qədim dövrlərə aid olduğunu iddia etdikləri xəritələri tirajlayaraq yeni “tarixi miflər” uydururlar. “Gülməli olan isə odur ki, bu xəritələrdə hətta 1953-cü ildə tikilmiş Mingəçevir su anbarı da “X əsr xəritəsində” yer alıb”, - o qeyd edib.
F.Məmmədov vurğulayır ki, bu cür manipulyasiyalar Ermənistanın hələ də reallıqdan uzaq olduğunu göstərir? Azərbaycan isə əksinə, həm diplomatik, həm iqtisadi, həm də təhlükəsizlik baxımından güclənərək regionda sülh gündəliyini irəli aparmaqda qərarlıdır: “Bakı “Peace Act” kimi ABŞ Konqresindəki birtərəfli təşəbbüslərə və ya İsveçrədə keçirilən revanşist forumlara da adekvat şəkildə reaksiya verəcək, lakin eyni zamanda, sülh istəyən erməni qüvvələri ilə əməkdaşlığı davam etdirəcək”.
F.Məmmədov sonda vurğulayıb ki, Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın mövqeyinin tam məntiqini ifadə edir – tarixlə manipulyasiya edənlər deyil, ədalət və reallıq üzərində qurulan sülh qalib gələcək.
Rasim Əliyev






















