Pokrovskda 300-dən artıq Rusiya hərbçisi var - Şiddətli döyüşlər davam edir
Rusiya Müdafiə Nazirliyi bildirib ki, ordu qüvvələri çərşənbə günü Ukraynanın şərqində yerləşən Pokrovsk və Kupiansk şəhərləri istiqamətində irəliləyib. Rusiya mediası Pokrovska “Donetskə giriş qapısı” adını verib və Moskvanın bu şəhəri ələ keçirməklə Kramatorsk və Slovyansk istiqamətində hücumları genişləndirməyi planlaşdırdığını yazıb.
Rusiya tərəfinin məlumatına görə, Pokrovsk bir ildən artıqdır əsas hədəfdir və şəhərin mühasirəyə alınması istiqamətində əməliyyatlar davam edir. Bu, 2023-cü ildə Baxmutun ələ keçirilməsi zamanı tətbiq olunan frontal hücumlardan fərqli taktika kimi qiymətləndirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski vəziyyəti “çətin” adlandırıb. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırskı isə cənub-şərqdə, Zaporojye bölgəsində mövqelərin “xüsusilə pisləşdiyini” bildirib.
Rusiya hərbi bloqerləri tərəfindən yayılan videolarda rus qüvvələrinin dumanlı yollarda Pokrovska daxil olduğu görünür. Kadrlar Rusiya hərbçilərinin motosikllərlə və zədələnmiş avtomobillərin üzərində irəlilədiyini göstərir; bəzi hərbçilər avtomobillərin damında oturub, ərazidə dronların uçduğu müşahidə olunur.
Zelenski Telegram-da yazıb: “Dumanlı hava şəraiti düşmən üçün əlverişli olsa da, biz işğalçıları məhv etməyə davam edirik.”
Sırskı isə qeyd edib ki, Rusiya qüvvələri Oleksandrivka və Huliaipole istiqamətlərində üstünlük əldə edərək üç yaşayış məntəqəsini ələ keçirib.
Ukrayna ordusunun məlumatına görə, hazırda təxminən 300 Rusiya hərbçisi Pokrovskdadır və son günlər Moskva bu istiqamətə əlavə qüvvələr cəlb etməyə çalışır.
Rusiya həmçinin bildirib ki, qüvvələri Kupiansk şəhərinin şərq hissəsini ələ keçirib. Buradakı neft anbarı və bir neçə dəmir yolu stansiyası Rusiya nəzarətinə keçib.
Zaporojye bölgəsindəki Novouspenivske kəndini isə Ukrayna qüvvələri gündə 400-dən çox artilleriya zərbəsi nəticəsində tərk edib. Bu barədə RBC-Ukrayna agentliyi hərbi mənbələrə istinadla məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, hazırda Rusiya ordusu Ukrayna ərazisinin təxminən 19 faizini – 116 min kvadrat kilometrdən çox sahəni nəzarətdə saxlayır. Ukrayna xəritələrinə əsasən, bu göstərici 19,1 faiz təşkil edir və üç il əvvəlkindən bir qədər yüksəkdir.
Press-fakt





















