Bakı-İrəvan münasibətləri və Qarabağ:
Bu il nə ola bilər?
Birinci: Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması üzrə razılaşmanın praktiki mərhələyə keçəcəyi ehtimalı böyükdür;
- ABŞ-Rusiya qarşıdurması fonunda Moskva siyasi mübarizənin əsas cəbhələrindən olan Cənubi Qafqazda özünün vasitəçiliyi ilə əldə olunan razılaşmanın praktiki mərhələyə keçidinə tələsir: prosesin tamamlanması zaman ala bilər, lakin ruslar üçün əsas məsələ delimitasiya müqaviləsinin imzalanması, ikitərəfli komissiyanın yaradılması və fəaliyyətə başlamasıdır; bu, sərhəd üzərindən üçüncü tərəflərin bölgəyə müdaxiləsinin qarşısını alacaq;
- Ankara ilə münasibətləri normallaşdırmaq istəyən İrəvan Bakının gündəliyində cari məsələ olan sərhəd razılaşmasının icrasına razı görünür: Paşinyanın ötən ilin son müsahibəsində sərhəd razılaşmasının Ermənistanın əleyhinə olmadığına dair açıqlaması da bu fikri gücləndirir;
- Bakı, Ankara və Moskvanın bölgədə fikir ayrılığının olmadığı yeganə razılaşma sərhədlə bağlıdır;
- Delimitasiya müqaviləsinin növbəti aylarda imzalanması, demarkasiya prosesinin də hava şəraitinin əlverişli olduğu dövrdə - yaz aylarında başlana biləcəyi gözləniləndir;
İkinci: kommunikasiyanın açılması üzrə praktiki addımlar;
Brüsseldə “qarşılıqlı gömrük və sərhəd nəzarəti” məntiqi ilə əldə olunan razılaşma mövcud anlaşmalara – 10 noyabr və 11 yanvar – yenidən baxmağı zəruri edir. Moskva da hazırda kommunikasiya üzrə vahid sənədlər paketinin yenidən işləndiyini açıqladı və bu, kommunikasiyanın açılması prosesinin bir qədər zaman alacağını deməyə əsas verir: mümkündür ki, nəqliyyat infrastrukturunun inşasını həyata keçirmək üçün kommunikasiyanın “dəhliz”, yaxud “yol” məntiqi üzrə açılması ilə bağlı son razılaşma sonraya saxlanılsın;