Saakaşvilinin vəkili məhkəmə zalında HƏBS EDİLDİ
Gürcüstanın “Mtavari Arkhi” telekanalının baş direktoru Nikoloz Qvaramiya bazar ertəsi keçirilən məhkəmədə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Globall.az xəbər verir ki, o, 2015-ci ildə “Rustavi 2” telekanalının baş direktoru olarkən sui-istifadə və mənimsəmədə təqsirli bilinib. Hakimin qərarı ilə Qvaramiya məhkəmə zalında həbs olunub.
Prokurorluq Qvaramiyanı “Rustavi 2” telekanalında reklamdan aldığı külli miqdarda pulu mənimsəməkdə ittiham edib.
Qvaramiya həm də Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin vəkilidir.
Vəkil Dimitri Sadzaqlişvili jurnalistlərə bildirib ki, məhkəmənin qərarı Gürcüstanda hakimiyyət tərəfindən siyasi təqibdir. O qeyd edib ki, Qvaramiyanın həbsindən sonra Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyi onun şanslarını ciddi şəkildə azaldacaq. (modern.az)