Namaz qılarkən vəfat etmək... -
Tanınmış ilahiyyatçı, din xadimi Hacı Şahin 48 yaşında vəfat edib. Bu barədə onun yaxınları xəbər verib. O, səhər saatlarında namaza qalxarkən ürək tutmasından dünyasını dəyişib. Bəs görəsən, namaz qılarkən, dəstəmazlı olaraq dünyasını dəyişməyin hər hansı fəziləti varmı? Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, günün hansısa saatında vəfat etmək fəzilət deyil. Əsas olan insanın Allahın buyurduğu kimi yaşayıb, onun hüzuruna o şəkildə köçməsidir: “Dəyərli Hacımızın vəfat xəbəri onu tanıyan, sevən hər kəsin kədərinə səbəb oldu. Allah yaxınlarına, sevənlərinə səbr, mətanət versin. O ki qaldı namaz qılarkən vəfat etmənin fəzilətinə, təbii ki, bir müsəlman üçün gecə də, gündüz də bərəkət qaynağıdır. Zaman Allahın mülküdür, biz də Allahın quluyuq. Bir insanın adi vaxtda, yaxud cümə günü, sübh namazı vaxtı vəfat etməsi hər hansı fəzilət deyil. İnsanın ölümü ilə bağlı olaraq ən böyük fəzilət Allahın rzasını qazanaraq, istədiyi kimi yaşayaraq, axirətə hazır olaraq dünyadan köçməkdir. Bu baxımdan biz inanırıq ki, dəyərli qardaşımız Hacı Şahin də həm gecəsinin ibadətlərini yerinə yetirib, Allahın rzası üçün sübh namazına qalxıb, bəlkə də sübh namazını qılıb, tamamlayıb, onda da bir qəzası olmayıb və Allahın hüzuruna köçüb. Bu bizim bilmədiyimiz bir şeydir, Allahla qul arasında olan məsələdir. Yaradan hər kəsə bir ömür payı verib, kimisi gənc olur, kimisi uşaq olur… Hər kəsin bir yaşam tərzi var. Bu dünyada heç bir şey baqi deyil, baqi həyat axirətdə, o tərəfdədir”.