Yalnız zənginlər görə biləcək - “Kosmik işıq” satışa çıxarıldı

ABŞ-də fəaliyyət göstərən "Reflect Orbital" şirkəti kosmosa nəhəng güzgülər yerləşdirərək günəş işığını gecə saatlarında Yerə əks etdirməyi planlaşdırır.
Şirkət bu xidmətini “ödənişli müştərilərə özəl gecə işığı” kimi təqdim edir. Lakin alimlər xəbərdarlıq edirlər ki, bu layihə həm təbiət tarazlığına, həm də astronomik müşahidələrə ciddi təhlükə yarada bilər.
Hələlik heç bir güzgü orbitə göndərilməsə də, şirkət 2026-cı ilin aprelində 60x60 fut ölçülü sınaq peyki buraxmaq üçün ABŞ Federal Rabitə Komissiyasına (FCC) rəsmi müraciət edib.
Şirkət layihə üçün ötən aylarda 20 milyon dollarlıq investisiya cəlb edib və ABŞ Hərbi Hava Qüvvələri ilə 1,25 milyon dollarlıq müqavilə imzalayıb. Rəsmi açıqlamalarda bu layihə ABŞ-nin milli müdafiəsini gücləndirəcək addım kimi təqdim olunur.
Şirkətin məlumatına görə, artıq 157 ölkədən 260 mindən çox şəxs kosmosdan əks etdirilən günəş işığı üçün yer rezervasiya edib. Layihə bəzi investorlar tərəfindən gələcəyin reklam və təhlükəsizlik texnologiyası kimi də qiymətləndirilir.
Lakin bəi ekspertlər bu layihənin ekosistem üçün təhlükəli olduğunu düşünürlər. Silverado Hills Rəsədxanasının alimi Con Berentine bildirib ki, bu güzgülər hədəf bölgəni keçdikdən sonra belə işıq saçmağa davam edəcək:“Onları söndürmək mümkün deyil. Bu işıq yalnız şəhərləri deyil, ekosistemi də zədələyəcək".
Berentine əlavə edib ki, işığın parlaqlığı aydan dörd dəfə çox olacaq və bu, həm canlılara, həm də atmosferin təbii işıq balansına mənfi təsir göstərəcək.
Şirkətin planına əsasən, peyk güzgüləri Günəşlə sinxron şəkildə hərəkət edəcək, qütbdən qütbə bütün planeti dolaşacaq və 2026-cı ildə keçiriləcək ilk sınaq zamanı müşahidəçilər bu hadisəni hərəkət edən parlaq ulduz kimi görəcəklər.
Press-fakt



















