"Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil"- Rəsmi Bakı
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxşahəli, praqmatik və milli maraqlara söykənən xarici siyasəti yürüdüb və digər ölkələrlə, o cümlədən İran və İsrail ilə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov “I24 News” telekanalının fransız redaksiyasına müsahibəsində bildirib.
Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycanın məqsədi bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir: “Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə”.
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Qəzzada baş verənlərə də münasibət bildirib.
“İki dövlət” həlli bir çox beynəlxalq aktorlar kimi bizim də gözümüzdə israillilər və fələstinlilər arasında ədalətli sülh üçün etibarlı və dayanıqlı əsas olaraq qalır. Qəzzada davam edən münaqişə bu həlli daha uzaq və kövrək edir, lakin onun aktuallığını aradan qaldırmır. Əksinə, bu faciə bizə beynəlxalq hüquqa, hər kəsin təhlükəsizliyi və ləyaqətinə əsaslanan danışıqlar yolu ilə siyasi həllin təcililiyini xatırladır. Beynəlxalq ictimaiyyətin rolu bu istiqamətdə istənilən inandırıcı təşəbbüsü fəal şəkildə dəstəkləməkdən ibarətdir”, - Elçin Əmirbəyov vurğulayıb./apa